CƏMİYYƏT
Mənəvi Dəyərlərin Təbliği Fondu Qurban bayramı münasibətilə şəhid ailələrinə və müharibə əlillərinə ərzaq yardımı edib
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn Qurban bayramı münasibətilə Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin müraciəti əsasında paytaxtda yaşayan ümumilikdə 70 şəhid ailəsinə, müharibə əlilinə və veterana ərzaq yardımı edib.
Bu barədə AZƏRTAC-a Fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fond tərəfindən paytaxt Bakıda və regionlarda şəhid ailələri, qazilər, eləcə də aztəminatlı ailələrlə bağlı mütəmadi olaraq müxtəlif aksiyalar icra olunur.
Qeyd edək ki, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri və veteranlar daim dövlətin qayğısı ilə əhatə olunub. 44 günlük Vətən müharibəsində böyük Zəfər əldə edən xalqımız bu kateqoriyadan olan ailələrin sosial və məişət problemlərinin həllinə böyük həssaslıqla yanaşır.