ELM VƏ TƏHSİL
“Mənim metodum” layihəsi çərçivəsində ali məktəb tələbələri üçün təlimlər təşkil olunub
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Nofəl Ərtünovun rəhbərliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim metodum” layihəsi çərçivəsində ali məktəb tələbələri və marağı olan şəxslər üçün təlimlər təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə haqqında məlumat verən N.Ərtünov gənc alimlər üçün əhəmiyyətli olan elmi tədqiqat metodlarından söhbət açıb. Layihə rəhbəri müasir tədqiqat metodlarının istifadəsi, coğrafiya və ətraf mühitin öyrənilməsində məsafədən zondlama metodlarından istifadə, coğrafi informasiya sistemlərinin elmi tədqiqatlarda istifadəsi, proqram təminatları və digər mövzulara toxunub.
İlk seminarda peşəkar təlimçi Samir Vəlizadə proqram təminatı, peyk şəkillərinin alınacağı internet saytları və onların emalı haqqında danışıb.
Qeyd edək ki, növbəti dərslərin yanvarın 26-27-də keçirilməsi nəzərdə tutulur.