CƏMİYYƏT
“Məqalə saatları” layihəsinin ikinci mövsümünün təqdimatı keçirilib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Elm və İnnovasiya Könüllüləri Təşkilatı (AEİK) “Məqalə saatları” layihəsinin ikinci mövsümünün təqdimatını keçirib.
AEİKT-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təşkilatın sədri Cavid Quliyev iştirakçıları və təqdimatçıları salamlayıb.
AEİK-in Azərbaycan üzrə sədri Elnur İmaməliyev layihənin ikinci mövsüm təqdimatını açıq elan edib. Açılışdan sonra təqdimatçılar hazırladıqları məqalə üzrə “Kök hüceyrələr: keçmişdən gələcəyə”, “Parkinson xəstəliyi, genetik və biokimyəvi əsasları, müalicəsində ümid verən üsullar”, “DiGeorge sindromu, təyin üsulları və müalicəsindəki son vəziyyət” mövzularında çıxışlar ediblər.
Çıxışlardan sonra layihənin bu mövsümki qonaqları sitogenetik Vüsalə Əliyeva, kök hüceyrə mütəxəssisi Rəşad Rəsulov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, insan genetikası laboratoriya müdiri Bayram Bayramov və genetik Dr.Mircavid Müslümöv dəyərli təcrübələrinə əsasən təqdimatlarla bağlı fikirlərini bildiriblər.
Mükafatlandırma mərasimində qonaqlar təqdimatçılara sertifikatlar təqdim ediblər. E.İmaməliyev isə onlara təşəkkürnamə təqdim edib.
Layihənin təqdimetmə mərasimindən sonra iştirakçılarla “Azərbaycanda genetika” mövzusunda müzakirə saatı keçirilib. Müzakirə saatında təşkilat könüllüləri və iştirakçılar qonaqların peşəkar iş təcrübəsi nəticəsində əldə etdikləri biliklərdən faydalanıblar.