DÜNYA
Mərkəzi Amerikadan olan mühacir karvanı ABŞ sərhədinə doğru irəliləyir
Bakı, 23 oktyabr, AZƏRTAC
Mərkəzi Amerikadan olan 7 mindən çox mühacir kasıblıq, işsizlik və dözülməz cinayətkarlıqdan qaçaraq ABŞ sərhədini keçmək ümidi ilə öz evlərini tərk edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Hondurasın şimalındakı San-Pedro-Sula şəhərində formalaşan karvan Meksika ərazisi ilə Birləşmiş Ştatlara doğru irəliləyir. Əvvəlcə yola 200 nəfərə qədər insan çıxsa da, hazırda onların sayı 7 min nəfəri ötüb.
Beynəlxalq Miqrasiya Təşkilatı hesab edir ki, Meksikaya gələn qaçqınların böyük əksəriyyəti uzun müddət bu ölkədə qalacaq. BMT artıq Meksikanın Qvatemala ilə sərhəddə yerləşən Syudad-İdalqo və Tapaçula şəhərlərinə 32 nəfərlik fövqəladə yardım qrupu göndərib. Onlar mühacirləri Meksikada sığınacaq almaq sistemi barədə məlumatlandıracaq, həmçinin digər hüquqi məsləhətlər verəcəklər.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Prezidenti Donald Tramp ölkəsinə mühacir axını səbəbindən Qvatemala, Salvador və Hondurasa yardımların həcminin azaldılacağını elan edib. Eyni zamanda, qoşun göndərərək Amerika-Meksika sərhədini tam bağlayacağı ilə hədələyib. Bundan sonra, Meksikanın hakimiyyət orqanları bölgəyə yüzlərlə polis əməkdaşı göndərib.