İQTİSADİYYAT
Mərkəzi Bank paytaxtın ümumtəhsil müəssisələrində maliyyə savadlılığına dair seminarlar keçirir
Bakı, 27 fevral, AZƏRTAC
Mərkəzi Bank Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə birlikdə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı 5-ci strateji hədəfinin icrası ilə əlaqədar 2017/2018-ci tədris ilinin I yarımilliyində Bakı şəhərinin ümumtəhsil müəssisələrində ümumilikdə 200 şagird və müəllim heyətini əhatə edən 10 seminar keçirib.
Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarların məqsədi hədəf qruplarını maliyyə savadlılığının ümumi anlayışları və Mərkəzi Bankın fəaliyyət istiqamətləri ilə tanış etmək, həmçinin onlarda yığım, qənaət, pul və pul münasibətləri haqqında ilkin fikirlər formalaşdırmaqdan ibarətdir.
Seminarlar zamanı iştirakçılara Maliyyə Savadlılığı portalından (bizimpullar.az) müxtəlif videoçarxlar nümayiş etdirilib və portalın tədris prosesində istifadəsi üçün tövsiyələr verilib. Seminarların sonunda iştirakçıların ünvanladığı suallar cavablandırılıb, biliklərin möhkəmləndirilməsi məqsədilə öyrədici materiallar paylanılıb.
Qeyd edək ki, Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar cari təşəbbüslərini genişləndirərək, əsas hədəf qruplarından biri olan ümumtəhsil müəssisələrinin şagird və müəllim heyətinə istiqamətlənmiş tədbirləri bundan sonra da davam etdirəcək.