İQTİSADİYYAT
Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyası birgə yaradıcılıq müsabiqəsi elan edir
Bakı, 16 fevral, AZƏRTAC
Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyası birgə yaradıcılıq müsabiqəsi elan edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan gənclərinin cəmiyyətin sosial-iqtisadi inkişafında rolunu artırmaq, onların maarifləndirilməsini təmin etmək, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi" prioritetini əsas tutaraq, Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyası "Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar" adlı birgə yaradıcılıq müsabiqəsi keçirir.
Müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin faydalarına və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir.
Müsabiqəyə təqdim olunmuş və qalib gəlmiş ən yaxşı işlərin müəllifləri sertifikat və müxtəlif hədiyyələrlə (1-ci yer: noutbuk; 2-ci yer: planşet; 3-cü yer: smartfon) mükafatlandırılacaqlar. Müsabiqədə ali təhsil müəssisələri, bank-maliyyə təşkilatları, QHT-lər və digər qurumlardan yaşı 18-25 arasında olan gənclər iştirak edə bilərlər. Hazırlanmış məzmunun sonunda "Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar" adlı birgə müsabiqəsinə təqdim olunur" qeydi yazılmalıdır.
İşlər müsabiqəyə fevralın 16-dan qəbul olunur. Son qəbul günü martın 12-si saat 18:00-dır.
Daha ətraflı məlumatı Mərkəzi Bankın rəsmi internet səhifəsindən (www.cbar.az), Maliyyə Savadlılığı portalından (www.bizimpullar.az) və Maliyyə Savadlılığının “facebook” səhifəsindən (@bizimpullar) əldə etmək mümkündür. Əlaqə üçün: [email protected], (012) 493-11-22 (dax.161).