İQTİSADİYYAT
Mərkəzi Bankda Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir
Bakı, 31 iyul (AZƏRTAC). Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin müdiri xanım Viki Tanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev ilə görüşmüşdür.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirmişlər ki, görüşdə ölkəmizlə AİB arasında “Ölkə tərəfdaşlığı strategiyası” layihəsi, o cümlədən bank sektorunda nağdsız ödənişlər, mikromaliyyələşdirmə və qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
AİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd etmişlər.
Öz növbəsində Mərkəzi Bankın sədr müavini X. Abdullayev “Ölkə tərəfdaşlığı strategiyası” layihəsinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələləri dəstəklədiyini bildirmişdir.
Görüşdə, həmçinin Mərkəzi Bank ilə AİB arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə edilmişdir.