İQTİSADİYYAT


Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiqlənib

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankında (AMB) istismarda olan informasiya sistemlərinin təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, onların etibarlı və fasiləsiz fəaliyyətlərinin təşkili məqsədilə innovativ informasiya-kommunikasiya texnologiyaları həllərinin tətbiqi və qabaqcıl standartlara uyğunluğunun təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır.

AMB-dən AZƏRTAC-a bildirilib ki, bu sahədə aparılan davamlı təkmilləşmə işləri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən akkreditə edilmiş və Mərkəzi Bankın operatoru olduğu Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə uyğunluğu baxımından “Societe Generale de Surveillance” təşkilatı tərəfindən geniş təhlili və diaqnostikası aparılıb. Aparılan audit nəticəsində Mərkəzi Bankda İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin və BSXM-in ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə cavab verdiyi təsdiq edilmiş və müvafiq sertifikat təqdim olunub. BSXM-in funksional fəaliyyəti “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bankın xidmət göstərdiyi dövlət təşkilatlarına və maliyyə bazarlarında fəaliyyət göstərən nəzarət subyektlərinə, habelə nəzarət subyektlərinin xidmətlərindən istifadə edən fiziki və hüquqi şəxslərə elektron imza xidmətlərinin göstərilməsidir. BSXM-in təkmil elektron imzaları ölkə əhəmiyyətli infrastruktura malik olan Milli Ödəniş Sistemləri daxil olmaqla, bir sıra informasiya sistemlərində şəxsin identifikasiyası, məlumatın tamlığının və məxfiliyinin qorunması məqsədilə istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.