İDMAN


Məryəm Səfərova: İdmanda hədəfim böyük turnirlərdə iştirak etmək və qələbə qazanmaqdır

Bakı, 13 sentyabr, AZƏRTAC

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı ərəfəsində Azərbaycan Gimnastika Federasiyasının saytı Azərbaycan təmsilçilərini idman həvəskarlarına təqdim etməkdə davam edir. Məryəm Səfərova qarşıdakı yarışların iştirakçılarından biridir. O, ölkəmizi dünya çempionatında təmsil edəcək. Dünya çempionatı ərəfəsində idmançımız bədii gimnastikaya olan sevgisinin səbəblərini izah edib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, 16 yaşlı idmançı deyib: “Gimnastika haqqında filmə tamaşa etdikdən sonra bu idman növü ilə məşğul olmağa başladım. Mənim o qədər xoşuma gəldi ki, özüm də məşq etmək istədim. Evimizin yanında idman zalı olması da işimə yaradı və qızların hər gün oraya məşqlərə getdiyini görəndən sonra bədii gimnastika ilə məşğul olmaq həvəsim daha da artdı.

Mən altı yaşımdan məşqlərə başladım və onların gedişində bunun çox yaxşı alındığı ortaya çıxdı. Bundan sonra bədii gimnastika ilə peşəkar səviyyədə məşğul olmağa başladım. Bədii gimnastika vasitəsilə öz hisslərini ifadə edə bilmək, artistizmi nümayiş etdirmək çox xoşuma gəlir”.

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı Məryəm Səfərovanın idman karyerasında mühüm mərhələ olacaq. O qeyd edir: “Mən çempionatda fərdi proqramda bir alət – lentlə çıxış edəcəyəm. Yaxşı nəticə göstərmək üçün yarışdan əvvəl çoxlu məşq edirəm. Yarışların ciddiliyini dərk edirəm və başa düşürəm ki, üzərimizə böyük məsuliyyət düşür. Yaxşı, səhvsiz çıxış etməyi, proqramımın tamaşaçıların xoşuna gəlməsini və yadda qalmasını çox istəyirəm”.

Gimnast vurğulayıb: “İdmanda hədəfim böyük turnirlərdə, çempionatlarda və əlbəttə, Olimpiadada iştirak etmək və qələbə qazanmaqdır. Tanınmış idmançı olmağı arzulayıram”.

Məryəm Səfərovanın sözlərinə görə, yarışlarda tamaşaçıların dəstəyi onun üçün böyük əhəmiyyət kəsb edir. O, bədii gimnastika pərəstişkarlarını bədii gimnastika üzrə dünya çempionatına gəlməyə və Azərbaycan yığmasını dəstəkləməyə çağırır. İdmançı əlavə edib: “Yarışlardan əvvəl həyəcanlanıram, məşqçim bu həyəcanın öhdəsindən gəlməyə kömək edir, məni sakitləşdirib ürək-dirək verir və lazım olan sözləri deyir. Tamaşaçılar da çox köməyimə gəlirlər, onların dəstəyi məni ruhlandırır, mən daha yaxşı və inamla çıxış edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.