CƏMİYYƏT
Məşğulluq orqanları əməkdaşlarının potensiallarının artırılması üçün təlimlərə başlanılıb
Bakı, 9 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göyçay Regional Peşə Tədris Mərkəzində Xidmətin əməkdaşları üçün Litva və Avstriyadan dəvət olunmuş mütəxəssislər tərəfindən təlimlərə başlanılıb. “Dövlət Məşğulluq Xidmətinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində ilk dəfə keçirilən və iki mərhələdən ibarət olacaq təlimlərə rayon (şəhər) Məşğulluq Mərkəzlərindən 33 əməkdaş cəlb olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərin aparılmasının başlıca məqsədi xidmətin əməkdaşlarının potensiallarının artırılması, bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, həmçinin məşğulluq xidmətləri sahəsində müasir bilik və bacarıqlar üzrə yerli təlimçilərin hazırlanmasıdır.
Mayın 31-dək davam edəcək təlimlərin sonunda iştirakçılara “İştirakçı sertifikatı” və “Təlimçilərin təlimi” sertifikatı təqdim olunacaq.
Tvinninq layihəsi Dövlət Məşğulluq Xidmətinin institusional potensialının və fəaliyyət mexanizminin Avropa İttifaqının qabaqcıl təcrübəsi və müasir yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədinə xidmət edir.