CƏMİYYƏT
Mikobakteriyalara yoluxma hər dəfə xəstəliyin inkişafı ilə müşayiət olunmur
Bakı, 10 fevral, Əziz Məmmədov, AZƏRTAC
Vərəm insanlar və heyvanlar arasında geniş yayılmış yoluxucu xəstəlikdir. Bu xəstəliyi “Mycobacterium tuberculosis” (MBT) mikobakteriyalarının müxtəlif növləri, başqa sözlə desək, Kox çöpləri törədir. Ağciyər xərçənginin klassik əlamətləri xəstəliyin daha gec mərhələlərində bəzən qanqusma ilə müşayiət olunan uzunmüddətli bəlğəmli öskürək, qızdırma, zəiflik, gecə tərləməsi və həddindən artıq arıqlamaqdır. Vərəm adətən ağciyəri zədələyir, nadir hallarda başqa orqan və sistemlərə toxunur və xəstə ilə söhbət edəndə, habelə onun öskürdüyü və asqırdığı zaman hava-damcı yolu ilə keçir. Qeyd edim ki, vərəm mikobakteriyalarına yoluxma hər dəfə xəstəliyin inkişafı ilə müşayiət olunmur. Bu da həmin bakteriyalara təbii müqavimətin olduğunu göstərir. MBT-yə yoluxma bir çox amillərdən, əsasən rezistentlik dərəcəsindən asılıdır. İnsan orqanizmi vərəm infeksiyasına həssasdır, amma eyni zamanda ona qarşı nisbətən dayanıqlıdır. Bundan əlavə, vərəmə qarşı immunitet digər infeksiyalara qarşı immunitetdən xeyli fərqlənir. Orqanizmin vərəmə müqaviməti mexanizmində aparıcı rolu qazanılmış hüceyrə immuniteti oynayır ki, bu da orqanizmin xəstəliyin törədicisini məhv etmək və xəstəliyin qarşısını almaq bacarığına əsaslanır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Səhiyyə Nazirliyinin 6 nömrəli ixtisaslaşdırılmış vərəm xəstəxanasının baş həkimi, ftiziatr İlhamə Cabbarova söyləyib.
Başçılıq etdiyi tibb müəssisəsinin fəaliyyətindən söz açan baş həkim deyib: “Hələ 2008-ci ildə 4 nömrəli vərəm əleyhinə dispanserdə vərəmə yoluxanların ikinci dərəcəli preparatlarla təmin edilməsi üçün ixtisaslaşdırılmış bölmə açılıb. Əvvəlcə bölmə 20 çarpayılıq nəzərdə tutulub. Ancaq görülən tədbirlərin səmərəli olduğunu nəzərə alan Səhiyyə Nazirliyi xüsusi stasionarın yaradılması haqqında qərar qəbul edib. Beləcə, Azərbaycan Səhiyyə Nazirliyinin təşəbbüsü və QİÇS, Vərəm və Malyariya əleyhinə Mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə 2009-cu ildən 6 nömrəli dispanserdə təmir işləri başlayıb və 2010-cu il sentyabrın 30-da yeni formatlı tibb müəssisəsi - 6 nömrəli ixtisaslaşdırılmış vərəm xəstəxanası istifadəyə verilib. Hazırda 90 çarpayılıq xəstəxanada dövlət hesabına 64 xəstə müalicə olunur”.
İlhamə Cabbarova vərəmin üzə çıxarılması, müalicəsi və profilaktikası tədbirləri barədə də məlumat verərək bildirib: “Vərəm əleyhinə dispanserdə xəstəliyin ilkin mərhələsi 5 dərman preparatı – izoniazid, rifampisin, pirazinamid, etambutol, streptomisin ilə müalicə olunur. Dəstəkləyici faza həkim-ftiziatrın rəyi əsasında stasionar və ambulator şəraitdə əsasən intermittent rejimdə iki dərman vasitəsi - vərəm əleyhinə çox güclü preparatlar olan izoniazid və rifampisin ilə aparılır. Həkimin risk qrupunda böyük qalıq dəyişiklikləri olan şəxslər vərəm əleyhinə dispanserdə qeydiyyatdadır və ftiziatrın yaxından köməyi ilə müalicə olunurlar. Bundan əlavə, müalicənin səmərəliliyinə nəzarət etmək üçün hər ay kultural metodun tətbiqi ilə xəstənin bəlğəmi tədqiq edilir. Onun nümunələrini Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli İstinad Laboratoriyasına (referens-laboratoriya) göndərirlər. Xəstəlik dayanıqlı olanda müalicənin ikinci mərhələsinə keçmək barədə qərar qəbul edilir. Belə hallarda pasiyentin sənədləri Səhiyyə Nazirliyi nəzdində Dərman-Rezistent Vərəm üzrə Komissiyaya təqdim edilir. Komissiyanın sədri Bakı şəhərinin baş ftiziatrı Yavər Şıxəliyevdir. Konsilium xəstənin müalicəsinin stasionarda davam etdirilməsi barədə qərar qəbul edəndə onu bizə göndərirlər. Xəstəliyin formasından asılı olaraq, stasionarda müalicə uzunmüddətli xarakter daşıya bilər. Azı iki dərman preparatının – kapreomisin və amikasin preparatlarının kompleksliliyini; etiotrop, simptomatik, patogenetik, immun modullaşdırıcı kimi müxtəlif müalicə növlərini özündə ehtiva edən kombinəliliyi; fasiləsizliyi, uzunmüddətliliyi və mərhələliyi stasionarda vərəmin müvəffəqiyyətlə müalicəsinin əsas şərtləri saymaq olar. Müalicədən üç-beş ay sonra bəlğəm ciddi tədqiq edilir, bakterioskopiya və əkmənin nəticələri mənfi olanda müalicənin dəstəkləyici fazasına keçilir. Yaxma üçüncü ayın sonuna qədər müsbət olsa və ağciyər toxumasında destruksiya boşluqları saxlanılsa, stasionar müalicə beş-yeddi aya kimi uzanır”.