ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutunun onlayn iclasında struktur bölmələrinin hesabatları dinlənilib
Bakı, 4 dekabr, AZƏRTAC
Mikrobiologiya İnstitutunun elmi şurasının onlayn iclasları keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun direktoru vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Pənah Muradovun sədrliyi ilə keçirilən iclasda müəssisənin 2020-ci il ərzində elmi və elmi təşkilati fəaliyyəti ilə bağlı 3 şöbə və 7 laboratoriyanın illik hesabatları dinlənilib.
Pənah Muradov çıxışında institutda aparılan tədqiqatlardan və elmi-təşkilati işlərdən söz açıb.
Sonra laboratoriya müdirlərinin hesabat məruzələri şura üzvlərinin diqqətinə çatdırılıb, aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktik əhəmiyyəti haqqında məlumat verilib, suallar cavablandırılıb. Bildirilib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq laboratoriyalar tematik planda nəzərdə tutulan işləri yerinə yetirib, digər laboratoriyalar isə təsərrüfat hesablı bir neçə müqavilə üzrə tədqiqatları da həyata keçiriblər.
İclasda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.