MƏDƏNİYYƏT
Milli Arxiv İdarəsində kollegiya iclası keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2018-ci ildə fəaliyyəti və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, iclasda idarənin kollegiya üzvləri, Nazirlər Kabinetinin səlahiyyətli nümayəndəsi, Respublika Dövlət Arxivlərinin rəhbərləri və əməkdaşları, habelə Dövlət Arxivi Filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbərləri iştirak edib.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Prezident İlham Əliyevin növbəti dəfə xalqımızın yüksək etimadını qazanaraq prezident seçilməsindən keçən bir il ərzində görülmüş sosial-iqtisadi tədbirlərin dövlət arxivlərinə, həmçinin arxivçilərə və onların sosial təminatına daha da müsbət təsir göstərdiyini və bunun arxivlərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
Ə. Rəsulov bildirib ki, dövlətimizin başçısının seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. İnkişaf edən digər sahələr kimi dövlət arxivləri də bu inkişafdan geri qalmamağa, öz işini dünya standartları səviyyəsində qurmağa çalışır.
Sonra idarənin rəis müavini Həsən Həsənovun Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2018-ci ildə fəaliyyətini əks etdirən məruzəsi dinlənilib. Məruzədə 2018-ci ildə respublika arxiv təşkilatlarının fəaliyyətinin sahə qanunvericilik aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəlik olduğu qeyd edilib.
Natiq hesabat ilində arxiv işinin təşkili, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması, “Bir Pəncərə” sistemi haqqında və aidiyyəti üzrə digər sahələrdə əldə edilən nəticələr barədə geniş məlumat verib.
Çıxış edən digər natiqlər 2018-ci ildə arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlər və onların həlli istiqamətində təkliflər barəsində fikirlərini qeyd ediblər.
Yekunda çıxış edən Ə. Rəsulov qarşıda duran əsas vəzifələr haqqında danışarkən 2020-ci ildə arxiv quruculuğunun 100 illiyinin qeyd edilməsi, arxivçilərin peşə bayramının təsis edilməsi və arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, respublikada arxiv işi sahəsində qanunvericilik bazasının və idarəetmənin təkmilləşdirilməsi, habelə arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi, dövlət arxivlərinin lazımi binalarla təmin olunması və maddi-texniki təchizatının möhkəmləndirilməsi, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə hazırlanmış 2019-2023-cü illər üzrə Dövlət Proqramı layihəsi haqqında məlumat verib. Arxiv işi sahəsində respublika arxivçilərinin üzərinə düşən məsuliyyəti qeyd edərək, bu sahədə onlara uğurlar arzulayıb.
Sonda kollegiya iclasının yekun qərarı qəbul edilib.