ELM VƏ TƏHSİL


Milli Aviasiya Akademiyasının tələbələri “Vikipediya”da 200-dən çox məqalə yerləşdiriblər

Bakı, 12 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında üçüncü ildir “Vikipediya” üzrə təlimlər keçirilir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, bu müddətdə könüllülərdən ibarət 40-dan çox qrup ödənişsiz təlimlərdə iştirak edib, bu sahədə maarifləndirilib.

Təlimlərin budəfəki iştirakçıları Milli Aviasiya Akademiyasının tələbələri olub. “Vikipediya”da məqalələrin yaradılması və redaktəsi” təlim kursunu uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunublar.

MEK-in sərbəst elektron resurslar şöbəsinin müdiri Elnur Eltük bildirib ki, kitabxananın “Vikipediya” Metodik Mərkəzi tərəfindən təşkil edilən biraylıq təlimlərin əhatə dairəsi gündən-günə genişlənir. O, könüllülərə müxtəlif dillərdəki “Vikipediya”larda Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalə yaradarkən daha çox elmi mənbələrə əsaslanmağı tövsiyə edib, onlara uğurlar arzulayıb.

Kitabxananın bölmə rəhbəri Günay Məmmədova bildirib ki, qısa müddətdə Milli Aviasiya Akademiyasının tələbələri tərəfindən “Vikipediya”da texnika və aviasiya mövzuları üzrə 200-dən çox məqalə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.