ELM VƏ TƏHSİL
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək
Bakı, 13 may, AZƏRTAC
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar gün ölkəmizdə də geniş miqyasda qeyd edilir, günün mövzusu çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir. Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, məqsəd insanlara pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.
Gün ərzində ziyarətçilərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.
Muzey saat 11:00-dan 17:00-dək fəaliyyət göstərəcək.