ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyində Arxeo Klub yaradılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Arxeo Klub yaradılıb.
Bu barədə AZƏRTAC-a MATM-ın arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə məlumat verib. O deyib ki, Arxeo Klubun yaradılmasında əsas məqsəd gənc nəslin arxeologiya sahəsində biliklərini artırmaq, mədəni irs və tarixi abidələrimizi təbliğ etmək, bu istiqamətdə təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirməkdən ibarətdir. Həmçinin müxtəlif layihələr reallaşdırılacaq.
Xatırladaq ki, muzeyin arxeoloji kolleksiyasına 50 mindən çox arxeoloji və təsadüfi tapıntı daxildir. Bütün arxeoloji tapıntılar qeydiyyatdan keçirilərək qablaşdırılır və fondda saxlanılır. 2008-ci ildən bəri fond əşyalarının elektron pasportlaşdırılması həyata keçirilir. İndiyədək 12 mindən çox arxeoloji tapıntının elektron pasportu tərtib olunub.
Müəssisənin ekspozisiyasında 1195 arxeoloji eksponat nümayiş etdirilir.