ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyində Şuşa qalasını əks etdirən açıqca qorunur
Bakı, 10 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Şuşa qalasının qərb hissəsini əks etdirən açıqca saxlanılır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 1908-ci ilə aid olan açıqca 1977-ci ildə Tarix Muzeyinə təhvil verilib.
Şuşa qalası Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarlarıdır. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılıb. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılıb. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir. Qala üç əsas qapıya malik olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.
Muzeydə qorunan Şuşa qalası açıqcası işğaldan azad edilmiş tarixi şəhərimizin tədqiq və təbliği baxımından böyük əhəmiyyət daşıyır.