SİYASƏT


Milli Məclisdə Almaniya Bundestaqının müstəqil seçki komissiyasının nümayəndə heyəti ilə görüş olub

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Milli Məclisdə İPS – Beynəlxalq Parlament Təqaüdü proqramı çərçivəsində Almaniya Bundestaqının müstəqil seçki komissiyasının nümayəndə heyəti ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, Bundestaq tərəfindən maliyyələşdirilən İPS Azərbaycan gənclərinə Bundestaq üzvünün yanında Almaniyanın parlament sistemi və siyasi qərarvermə prosesi ilə tanış olmaq, parlament fəaliyyəti sahəsində praktiki təcrübə toplamaq, həmçinin ölkənin siyasi, iqtisadi və mədəni həyatına yaxından bələd olmaq imkanı yaradır.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev ölkələrimiz arasında intensiv xarakter daşıyan ikitərəfli səfərlərdən, rəsmi görüşlərdən söz açdı.

Nümayəndə heyətinin başçısı, Bundestaqın deputatı Yan Metsler Almaniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının və parlament rəhbərlərinin qarşılıqlı səfərlərinin, həmçinin səfirlərin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Bildirdi ki, hazırkı səfərin məqsədi Beynəlxalq Parlament Təqaüdü proqramı çərçivəsində növbəti 15 həftəlik müddət üçün tələbə gənclər arasında seçim aparmaq idi. Müstəqil seçki komissiyasının seçkidən çox razı qaldığını bildirən Yan Metsler məmnunluqla vurğuladı ki, seçimə qatılanların yüksək təhsil almış, məqsədyönlü gənclər olması Azərbaycanın gözəl gələcəyini bu cür gənclərlə qurmağın mümkünlüyünə əminlik yaratdı. Söhbət zamanı ölkəmizə və xalqımıza münasibətdə dostluq duyğularını ifadə edən qonaq bir sıra yeni təkliflər də irəli sürdü.

Söhbət zamanı Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Almaniya arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün ciddi perspektivlər olduğunu qeyd etdilər. İPS proqramı çərçivəsində, həmçinin digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa dair maraqlı təkliflər irəli sürdülər.

Qonaqlar Milli Məclis deputatlarının təkliflərini böyük maraqla qarşıladılar, səslənən fikirlərlə həmrəy olduqlarını bildirdilər. Fikir mübadiləsində səslənən təklifləri hər iki tərəfin nümayəndələri dəstəklədilər. Mövcud imkanlardan səmərəli istifadə olunmasının vacibliyi vurğulandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.