SİYASƏT
Milli Məclisin bir qrup deputatı Rusiyada keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edir
Moskva, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Rusiya Dövlət Dumasına növbəti seçkilər keçirilir. Milli Məclisin bir qrup deputatı seçkiləri müşahidə etmək üçün Rusiyada səfərdədir. Azərbaycan deputatları seçki məntəqələrində yaradılmış şəraitlə tanış olub, seçkilərin gedişini izləyirlər. Rusiyada keçirilən seçkiləri 64 ölkədən 770-dən çox müşahidəçi izləyir. Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Moskvanın bir sıra seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olub.
Milli Məclisin deputatı Mixail Zabelin AZƏRTAC-a müsahibəsində bildirib ki, Rusiyada keçirilən seçkiləri MDB Parlamentlərarası Assambleyasından 52 nəfər beynəlxalq müşahidəçi izləyir. Məntəqələrin hamısı Moskva vaxtı ilə səhər saat 8-dən etibarən açıqdı və komissiyanın bütün üzvləri iş başındadır. O deyib: “Artıq bir neçə məntəqədə olmuşuq, hazırda isə 160 saylı seçki məntəqəsindəyik və hər hansı qanun pozuntusu qeydə alınmayıb. Seçkilərdə təmsil olunan partiyaların nümayəndələri bütün məntəqələrdə müşahidəçi qismində iştirak edirlər və onlar da səsvermənin gedişindən razıdırlar”.
Rusiyada vahid seçkilər günündə ölkə vətəndaşları parlamentin aşağı palatasının - Dövlət Dumasının deputatlarını, o cümlədən Federasiya subyektlərinin başçılarını və Rusiyanın 38 subyektində dövlət hakimiyyətinin qanunvericilik orqanına deputatları seçirlər. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, seçki günü seçici siyahılarında qeydə alınmış 111,6 milyon rusiyalının səs verəcəyi nəzərdə tutulub. Onların təxminən 1,87 milyonu xarici ölkələrdədır. Səsvermə prosesi Rusiya ərazisində açılmış 95 mindən çox məntəqədə keçirilir. Rusiyanın 145 ölkədəki diplomatik nümayəndəliklərində isə 371 məntəqə yaradılıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova seçki məntəqələrində bütün təhlükəsizlik tədbirlərin görüldüyünü və məntəqələrin texniki avadanlıqla təmin edildiyini bildirib. Onun sözlərinə görə, 15 regionda və 13 şəhərdə yaradılan məntəqələrdə isə videomüşahidə kameraları quraşdırılıb.
2003-cü ildən sonra ilk dəfə olaraq, parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı – 225 nəfər partiya siyahısı, digər yarısı isə birmandatlı dairələr üzrə seçilir.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva