SİYASƏT
Milli Məclisin gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Milli Məclisin gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Məhəmməd Süleymanov və bir qrup idmançı ilə görüş keçirilib.
Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş Qələbəsi barədə danışıb.
Söhbət zamanı döyüş və diplomatiya meydanlarında qazanılmış tarixi zəfərlərimizin idmançılarımız tərəfindən davam etdirilməsinin zəruriliyi qeyd olunub, habelə beynəlxalq yarışlarda iştirak edəcək idmançılarla yanaşı, idman hakimlərinin yetişdirilməsinin, idmanın gənclərin və yeniyetmələrin həyat tərzinə çevrilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanda idmana və idmançılara göstərilən daimi diqqət və qayğıdan, ölkəmizin dünyada müxtəlif beynəlxalq idman tədbirlərinin yüksəksəviyyəli təşkilatçısı kimi tanınmasından məmnunluq ifadə edilib.
Sonda Vətən müharibəsi qazisi Məhəmməd Süleymanova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.