SİYASƏT
Milli Məclisin növbəti iclası keçirilib
Bakı, 13 fevral, Aidə Quluzadə, AZƏRTAC
Fevralın 13-də Milli Məclisin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub və cari məsələlər müzakirə edilib.
Müzakirələr zamanı deputatlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə növbəti görüşünün önəmindən danışıblar. Belə görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Azərbaycan həqiqətlərinin dünyaya daha geniş miqyasda çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin sayının artırılmasının, beynəlxalq təşkilatlarda nümayəndələrimizin daha çox fəallıq göstərmələrinin zəruriliyi qeyd edilib.
İclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətə dair illik məruzə ilə çıxış edib. Məlumat verilib ki, ötən il digər illərlə müqayisədə bələdiyyələrin fəaliyyətində rast gəlinən nöqsanların sayı azalıb. 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66.694 bələdiyyə (2013-cü illə müqayisədə 11,4 faiz çox) aktı daxil olub. Həmin aktların hər birinin ekspertizası aparılıb və nəticədə 62.908 akt qanunvericiliyə uyğun hesab edilib. 3.552 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilib.
Nazir müavini ötən il keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvləri arasında qadınların və gənclərin sayının artığını bildirib. Vurğulayıb ki, qadınların sayının 5236 nəfər (34,9 faiz), gənclərin sayının isə 5450 nəfər (36,4 faiz) təşkil etməsi yüksək göstəricidir. Ötən il ərzində 381 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 2014-cü ildə 2196 müraciət daxil olub. Onlardan 299-u baxılması üçün digər dövlət orqanlarına göndərilib, 1897 müraciətə isə baxılıb. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı 43 bələdiyyə haqqında müraciətlər, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Bələdiyyələr tərəfindən 4 min hektardan çox torpaq sahəsinin qanunsuz olaraq verilməsinin qarşısı alınıb.
Qeyd edilib ki, hesabat ili yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi baxımından da uğurlu olub.
Sonra deputatlar “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə ediblər.
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İcra məmurları haqqında” qanunlarda, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Cinayət-Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında layihələrə də baxılıb.
Bundan başqa, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihələri müzakirə olunub.
Müzakirə olunan qanun layihələri qəbul edilib.