SİYASƏT
Milli Məclisin nümayəndə heyəti Tokioda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb VİDEO
Tokio, 23 aprel, AZƏRTAC
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti aprelin 22-də Tokioda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Azərbaycan nümayəndə heyətini Tokioda salamlamaqdan məmnunluğunu ifadə edən Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri, dostluq qrupunun yaponiyalı rəhbəri Akira Amari əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayacaq.
Milli Məclisin sədri Oqtay Əsədov nümayəndə heyətinin səfər proqramının çox zəngin olduğunu, Yaponiya İmperatoru, Baş nazir, parlamentin iki palatasının sədrləri ilə keçirilən görüşlərin dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini vurğulayıb. İki ölkə parlamentləri arasında əməkdaşlıq münasibətlərinə toxunan Oqtay Əsədov, bu əlaqələrin inkişafında dostluq qrupunun rolunu xüsusi qeyd edib. Qrup üzvləri arasında sıx əlaqələrin vacibliyindən bəhs edən Milli Məclisin sədri deyib ki, bir-birimizi daha yaxşı anlamaqda bu münasibətlərin mühüm rolu var. Azərbaycan parlamentində 70-dən çox ölkənin parlamentləri ilə dostluq qrupunun olduğunu diqqətə çatdıran spiker bu qrupların hər birinin sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə çalışdığını bildirib.
Görüşdə dostluq qrupunun gələcək fəaliyyətinin istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra xatirə hədiyyələri təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio