SİYASƏT
Milli Məclisin sədri Sahibə Qafarova Kraliça II Elizabetin vida mərasimində iştirak etmək üçün Britaniyaya səfərə gedib
Bakı, 18 sentyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Londonun “Luton” beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri sentyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak edəcək və matəm kitabına ürək sözlərini yazacaq.
Parlamentin sədri, həmçinin sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz adından təşkil olunan rəsmi qəbulda iştirak edəcək.