CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzi növbəti aksiyasını Şəki şəhərində keçirəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 11 və 12-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Dünya Görmə Günü münasibətilə növbəti aksiyasını Şəki şəhərində keçirəcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində Dəmiryolu Səyyar Klinikasının əməkdaşları tərəfindən Şəki sakinlərinə tibbi xidmət göstəriləcək. İki gün davam edəcək tədbirin məqsədi operativ şəkildə Şəki sakinlərini müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək və cərrahi əməliyyat etməkdir. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndiriləcək.
Aksiyasını davam etdirən klinika ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi və gündən-günə artan tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.