CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin Astarada keçirdiyi aksiya zamanı 184 nəfər müayinə olunub
Bakı, 28 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını aprelin 27-28-də Astara rayonunda keçirib.
Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, Astara dəmiryol vağzalında keçirilən aksiya zamanı 184 nəfər müayinə, 11 pasiyent isə əməliyyat olunub. Müayinə olunanlarda ən çox katarakta, presbiopoya, çəplik, miopiya, konyunktivit quru göz sindromu və s. aşkarlanıb. Mərkəzin mütəxəssisləri onlara öz tövsiyələrini veriblər.
Qeyd edək ki, Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.