CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmaz rayonunda tibbi aksiya keçirəcək
Bakı, 20 fevral, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti tibbi aksiyasını fevralın 21-22-də Xaçmaz rayonunda keçirəcək.
Mərkəzin elmi-məlumat, təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, aksiyanın keçirilməsində məqsəd pasiyentləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.
Aksiyanın davamı olaraq Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Azərbaycan-Gürcüstan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün ən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərlərindən ibarətdir.
Qeyd edək ki, hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.