REGİONLAR
Milli QHT Forumu Gəncədə “Azərbaycan Xalq Cümhuriyyəti: 100 il” mövzusunda tədbir təşkil edib
Gəncə, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC
Milli QHT Forumu (MQF) Gəncə şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti: 100 il” mövzusunda tədbir təşkil edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən tədbir ali təhsil müəssisəsinin əsas binasında reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, forumun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, universitetin professor müəllim heyəti və tələbə kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Aqrar Universitetin nəzdində fəaliyyət göstərən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yenidən qurulan İstiqlal Muzeyi ilə yaxından tanış olublar.
Məlumat verilib ki, 1918-ci il mayın 28-də istiqlaliyyətini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti iyunun 17-dən sentyabrın 17-dək hazırda İstiqlal Muzeyi kimi fəaliyyət göstərən bu binada yerləşib. Bu gün Aqrar Universitetin əsas binası kimi fəaliyyət göstərdiyi ikinci tarixi tikilidə isə Milli Şura fəaliyyət göstərib.
Sonra tədbir universitetin əsas binasındakı iclas zalında davam edib.
Tədbiri açan Aqrar Universitetin rektoru İbrahim Cəfərov bildirib ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərib. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni 100 il əvvəl, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğunu, “İstiqlal bəyannaməsi”nin qəbul edildiyini bildirib, bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmasının, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunun, beynəlxalq birliyin üzvləri, həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin təsbit olunduğunu, bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqların verildiyini diqqətə çatdırıb.
“Tarixinə sahib çıxan xalq məğlubedilməzdir”, - deyən Rauf Zeyni müstəqilliyimizin bərpasında və qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova “Tarix və müasirlik” mövzusunda çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi 3 aylıq dövrdə həyata keçirdiyi tədbirlərdən, qəbul edilən qanun və qərarlardan danışıb.
Nüşabə Məmmədova xalqımızın dövlətçilik tarixinin və azərbaycançılıq fəlsəfəsinin gənc nəslə təbliğ edilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova müasir Azərbaycan Respublikasının dünyada təbliği istiqamətində bir sıra ölkələrdə və beynəlxalq təşkilatlarda həyata keçirilən tədbirlərin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.