SİYASƏT
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şərəfli səhifəsidir
Ağsu, 14 iyun (AZƏRTAC). Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günü Ağsuda böyük təntənə ilə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, iyunun 14-də tədbirin iştirakçısı olan rayon ictimaiyyətinin müxtəlif nəsilləri təmsil edən çoxsaylı nümayəndələri Ağsu şəhərindəki Heydər parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə əklil və təzə-tər çiçəklər qoymuş, xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Sonra rayon icra hakimiyyətinin iclas zalında təntənəli yığıncaq keçirilmişdir. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan yığıncaqda ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, tarixi qayıdışla bağlı videoçarx nümayiş olunmuşdur.
“Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda məruzə dinlənilmiş, çıxışlar olmuşdur. Vurğulanmışdır ki, 21 il əvvəl - 1993-cü il iyunun 15-də dahi siyasi lider və dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı mühüm siyasi hadisə olmaqla Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmışdır. Məhz bu tarixi qayıdış Azərbaycanı siyasi çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etmişdir. Bu tarixi qayıdış, eyni zamanda, ölkəmiz üçün çoxdan hazırlanmış məkrli planların qarşısına sipər çəkməklə siyasi varlığımıza uzanan xain əlləri kəsmiş, dövlətimizin müstəqilliyi Ümummilli Liderimizin dediyi kimi, əbədi, dönməz, sarsılmaz olmuşdur.
Təntənəli yığıncaqda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz uğurları diqqətə çatdıran natiqlər bütün bunları böyük Milli Qurtuluşun - ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının xalqımıza verdiyi zəngin xəzinə, tükənməz nemət kimi dəyərləndirmişlər.
Sonda təntənəli yığıncağın iştirakçıları adından yekdilliklə Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.