CƏMİYYƏT
Milli Qurtuluş Günü ərəfəsində Nəsimi rayonunda iki “Abad həyət” sakinlərin ixtiyarına verilib
Bakı, 14 iyun, AZƏRTAC
Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Moskva prospekti, H.Seyidzadə, Mir Cəlal, Cavadxan və R.Məmmədov küçələrində çoxmərtəbəli binaların fasadları əsaslı təmir olunub və “Abad həyət”lər salınıb. Asudə vaxtın səmərəli keçirilməsi və istirahət üçün parklarda və binaların həyətlərində yeni oturacaqlar və söhbətgahlar qoyulub, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılıb. Yaşayış binalarının həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılıb, ağaclar budanıb, səliqə-sahman yaradılıb.
Milli Qurtuluş Günü ərəfəsində H.Seyidzadə küçəsi 9 və 29 ünvanlarında 2 hektardan artıq sahədə iki “Abad həyət” sakinlərin ixtiyarına verilib. Həmin ünvanlarda 4 bloklu, 60 mənzilli, beşmərtəbəli iki binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binanın bloklarındakı giriş qapıları və pəncərələri yenilənib. Həyətlərdə yaşıllaşdırma işləri aparılıb və gül-çiçəklər əkilib. Uşaqlar üçün əyləncə avadanlıqları quraşdırılıb.
İcra hakimiyyətindən verilən məlumata görə, son üç ayda rayonun müxtəlif ünvanlarında 15 “Abad həyət” sakinlərin istifadəsinə verilib. Rayondakı ayrı-ayrı ünvanlarda 13 çoxmərtəbəli binanın fasadında əsaslı təmir işləri və binaların həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.