REGİONLAR
Milli intellektual oyunun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinə yekun vurulub
Naxçıvan, 28 aprel, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclər arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyununun IX Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, zona birinciliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilov və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva çıxış edərək oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirib, gənclərə uğurlar arzulayıblar.
Oyun iki mərhələ və finaldan ibarət olub. I mərhələdə “Təbriz”, “Araz”, “İncilər” və “Turan” komandaları, II mərhələdə isə “Savalan”, “Vətən”, “Nəqşicahan” və “Zəka” komandaları mübarizə aparıblar. Hər iki mərhələdə birinci və ikinci yerləri tutan “Təbriz”, “Turan”, “Savalan” və “Vətən” komandaları finala vəsiqə qazanıblar.
Yekun nəticəyə əsasən I yerə “Təbriz”, II yerə “Savalan” III yerə “Turan” komandaları layiq görülüblər. Qaliblərə diplom, fəxri fərman, kubok və kitablar təqdim olunub.
Qeyd edək ki, I, II və III yerləri tutmuş komandalar Balakən şəhərində keçiriləcək “Xəmsə” Milli İntellektual Oyununun IX Azərbaycan çempionatında muxtar respublikanı təmsil edəcəklər.