REGİONLAR


Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə gününə həsr olunmuş konfrans keçirilib

Bakı, 9 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) faşizm üzərində Qələbənin 76-cı ildönümünə həsr olunmuş “Faşizm üzərində Qələbə milli tariximizin qəhrəmanlıq dastanıdır” mövzusunda elmi konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə və magistrantlarını təbrik edib.

Faşizm üzərində qələbədə Azərbaycanın böyük pay sahibi olduğunu vurğulayan rektor həm ön cəbhədə, həm də arxa cəbhədə xalqımızın nümayiş etdirdiyi qəhrəmanlıqdan və fədakarlıqdan danışıb.

Müstəqillik dövründə məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 9 may - Qələbə Gününün yenidən dövlət bayramı elan edildiyini bildirən Ş.Bayramov hazırda müharibə veteranlarının xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdırıb.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qazanılan tarixi zəfərdən söhbət açan rektor, ilk dəfə olaraq, qəhrəman babalarımızın qalib övladları kimi bu bayramın qeyd edilməsinin yaratdığı fəxarət və sevinc hisslərindən danışıb.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında tarixi həqiqətlərin və dərslərin, qəhrəmanlıq nümunələrinin ötürülməsinin vacibliyini bildirən Ş.Bayramov ali təhsil müəssisələrində tarixi günlərə həsr olunmuş tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun “Humanitar fənlər” kafedrasının əməkdaşlarından baş müəllim İlham Məmmədov “İkinci dünya müharibəsi XX əsrin ən böyük faciəsidir” mövzusunda, müəllim Gülər Əjdərzadə “Azərbaycan alman faşizminin işğalçılıq planlarında” mövzusunda məruzələr ilə çıxış ediblər.

Məruzələrdə ikinci dünya müharibəsinin başlanması səbəbləri, müharibənin doğurduğu fəlakətlər, alman faşistlərinin Azərbaycan ilə bağlı məkrli planları, qələbənin qazanılmasında qəhrəman həmvətənlərimizin yüksək fədakarlığı və xidmətləri, Bakı neftinin həlledici rolu və digər tarixi faktlar barəsində ətraflı məlumat verilib.

Böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi məqsədilə MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.