Mingəçevir Dövlət Universitetinin əməkdaşları Türkiyədə təlim və təcrübədə iştirak ediblər
AzerTAg.az
Bakı, 5 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) “İnformasiya texnologiyaları” kafedrasının müdiri Aida Mustafayeva və müəllimi Asudə Abdurrahmanova Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) təlim və təcrübədə iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində Naxçıvan Universitetinin qalib olduğu “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil olunub.
MDU əməkdaşları 7 gün ərzində ODTÜ-də “İnsan-maşın interfeysləri” laboratoriyasında, Dizayn fabrikində, Lego laboratoriyasında və Texnoparkda tədqiqatlarla tanış olublar, “Kompüter mühəndisliyi” kafedrasında təşkil edilən təlim və seminarlarda iştirak ediblər.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da tədris və elmi fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, əməkdaşların müvafiq təlimlərdə iştirakının təmin edilməsinə xüsusi önəm verilir.













Xəbərin mətnində orfoqrafik səhv var