REGİONLAR
Mingəçevirdə “Region gənclərinin intellekt akademiyası” adlı layihənin icrasına başlanılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
“İşıqlı Gələcək” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində intellektual yarış keçirib.
İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, “Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Tural Kərimov bu cür yarışların şəhər gəncliyinin inkişafında böyük rol oynadığını vurğulayıb.
Yarış çərçivəsində Mingəçevir Dövlət Universitetinin tələbələri öz bilik və dünyagörüşlərini yoxlayıblar. Onlar “Nə? Harada? Nə vaxt” (NHN) və “Xəmsə” intellektual yarışında özlərini sınayıblar. Universitetin “İOS11”, “Qarabağ”, “Light City” və “İslam” komandaları yarışın final mərhələsinə vəsiqə qazanıblar.
Layihənin davamı olaraq, oktyabrın 28-29-da müvafiq olaraq Mingəçevir Tibb Kollecinin və Turizm Kollecinin tələbələri, noyabrın 4-də isə müxtəlif kateqoriyalardan olan şəhər gəncləri üçün “NHN” və “Xəmsə” formatında intellektual yarışlar təşkil ediləcək.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq region gənclərinin intellektual oyunlara marağını artırmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışların final mərhələsinin şəhər ictimaiyyətinin iştirakı ilə keçirilməsi planlaşdırılır.