İDMAN
“Minsk 2019”: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
Minsk, 26 iyun, AZƏRTAC
İyunun 26-da Azərbaycanın daha bir sərbəst güləşçisi finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, “Minsk 2019”un sərbəst güləş yarışlarında 97 kiloqram çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib - 7:0. Güləşçimizin finaldakı rəqibi Rusiya pəhləvanı Abdulrəşid Sadullayev olacaq. Final qarşılaşması iyunun 27-də baş tutacaq.
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu və iki dəfə Avropa çempionatlarının bürünc mükafatçısı olan N.Hacıyev ikinci Avropa Oyunlarında səkkizdəbir finalda polşalı Radoslav Baranı (8:0), dörddəbir finalda isə Gürcüstan təmsilçisi Elizbar Odikadzeni (7:3) məğlubiyyətə uğradıb.
Beləliklə, sərbəst güləş yarışlarının ilk iki günündə Azərbaycanın üç idmançısı finalda iştirak hüququ qazanıb. Nurməhəmməd Hacıyevlə yanaşı, Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) də ikinci Avropa Oyunlarının çempionu adı uğrunda mübarizə aparacaqlar. Mahir Əmiraslanov final görüşünü bu gün keçirəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk