SİYASƏT
Minskdə MDB İnformasiya Şurasının iclasında xəbərin doğruluğu və etibarlılığı məsələləri müzakirə olunub
Bakı, 19 aprel, AZƏRTAC
Minskdə MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXIV iclası keçirilib.
Dövlət informasiya agentliklərinin digər kütləvi informasiya vasitələri, internet məkanı ilə rəqabət şəraitində qarşılıqlı yaradıcılıq fəaliyyəti məsələlərinin müzakirə edildiyi iclasın işində Birlik ölkələrinin dövlət informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) rus dilində informasiya baş redaksiyasının baş redaktoru Yaşar Quluzadə təmsil edib.
İclasda çıxış edən MDB İcraiyyə Komitəsi sədrinin–icraçı katibin birinci müavini Viktor Quminski qeyd edib ki, informasiya agentliklərinin əsas rolu düzgün informasiya verilməsindən ibarətdir. İnformasiya agentliklərinin işində təkcə operativlik deyil, ilk növbədə, doğruluq çox vacibdir. Çünki bir çox hallarda cəmiyyətdəki əhval-ruhiyyə müxbirin necə xəbər verməsindən asılıdır. Biz dünyanın necə sürətlə dəyişdiyinin şahidiyik və hamımız hadisələrin önündə gedirik. Axı dünənki xəbər artıq tarix sayılır. İnsanların beynində hansı fikirlərin formalaşması, bir çox hallarda vətəndaşların əhval-ruhiyyəsi və mövqeyi jurnalistlərdən asılıdır. Günümüzdə savadlı təqdim edilən informasiya bir sülh məsələsidir.
İnformasiya Şurasının sədri, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov deyib ki, MDB ölkələrinin informasiya agentlikləri mədəni dəyərlərin təbliği üzrə öz səylərini birləşdirməlidirlər. Onun sözlərinə görə, MDB ölkələrinin mədəni sərvətlərindən, mədəni irsin qorunması və bərpasından daha çox bəhs edilməlidir. Bu, təkcə agentliyin materiallarına olan marağı deyil, habelə Birlik ölkələri xalqlarının mədəniyyətinə də marağı artıracaq.
İclas iştirakçılarının Belarusun Baş naziri Andrey Kobyakov ilə görüşündə yayılan informasiyalara görə məsuliyyət məsələsinə toxunulub. Baş nazir qeyd edib ki, bu məsuliyyət bütün KİV-lər – həm nəşrlər, həm televiziya, həm də internet mətbuatı üçün eyni dərəcədə olmalıdır. Günümüzdə informasiyanın doğruluğu öncül məsələdir. “Doğru və operativ informasiya insanın ən vacib tələbatlarından biridir və yəqin ki, bu olmadan sivil bəşəriyyətin mövcudluğunu təsəvvür etmək mümkün deyil”, - deyə A.Kobyakov əlavə edib. Baş nazir xüsusilə vurğulayıb ki, mənfi informasiyalar yayan KİV-ləri kütləvi qırğın silahları ilə müqayisə etmək olar. İnformasiyanın bugünkü çatdırılma üsulları, onun hər yerə sirayət etməsi KİV-lərin təsir dairəsini genişləndirir. Həm də bu təsir dairəsi iqtisadi sahəyə də yayılır.
Xatırladaq ki, MDB-nin İnformasiya Şurası 1995-ci ilin noyabrında yaradılıb. Onun tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistanın dövlət informasiya agentliklərinin rəhbərləri daxildir.