SİYASƏT
Misir portalı Prezident İlham Əliyevin xalqa müraciətindən əsas məqamları yayıb
Qahirə, 25 noyabr, AZƏRTAC
Misirin “Əl Vatan əl xəbər” informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətinin əsas məqamlarını yayıb.
AZƏRTAC xəbər verir ki, portalın xəbərində dövlətimizin başçısının Azərbaycanın qədim torpağı olan Kəlbəcərin 28 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və bunun səbəbləri, ermənilərin bu ərazidə zəngin təbii sərvətləri talan etməsi, dövlətimizin milli sərvətimiz olan Qafqaz Albaniyasına məxsus kilsələri və məscidlərimizi qoruduğu, düşmənin isə müsəlman məbədlərində donuz və inək saxlaması, ölkəmizin Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya və siyasət meydanında qələbə qazanması barədə fikirləri yer alıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Kəlbəcərin və işğaldan azad edilmiş digər rayonların bərpa ediləcəyini, bu torpaqlarda inkişaf və tərəqqiyə nail olunacağını da vurğulayıb.
Xəbərdə vurğulanıb ki, Azərbaycanın dövlət başçısı Ordumuzun düşməni məğlub etməsi ilə yanaşı, həm də erməni faşizmini darmadağın etdiyini söyləyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə