SİYASƏT
Misir saytları: Ermənistanın müharibə cinayətləri davam edir
Qahirə, 27 oktyabr, AZƏRTAC
Misirin informasiya portalları Ermənistanın növbəti dəfə humanitar atəşkəsi pozması və mülki insanları hədəfə alması barədə xəbərlər yayıblar.
“Alwasela” saytı AZƏRTAC-ın xəbərinə istinadla Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində 3 mülki şəxsin həlak olması, 10 nəfərin isə yaralanması barədə yazıb.
“Almasryalyoum” saytında isə Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatı yayılıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyi bərpa edilmiş dövlət sərhədlərinin münaqişə zonası olmadığını dərk etməlidir. Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir. Bu baxımdan, Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq, məhv etmək hüququna malikdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə