DÜNYA
Misir şirkətləri Liviyanın infrastrukturunun bərpa edilməsində iştirak edəcək
Qahirə, 16 mart, AZƏRTAC
Misirin sənaye palatalar Federasiyasının Baş katibi Alaa Əzz Liviyanın vətəndaş müharibəsi nəticəsində dağılmış infrastrukturunun bərpası üçün ölkəsinin özəl və dövlət şirkətlərinin cəlb ediləcəyi barədə Liviya ilə razılığın əldə olunduğunu bildirib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, öz açıqlamasında Alaa Əzz razılığın Misir-Liviya sənaye palatasının iclasında əldə olunduğunu bildirib. Razılığa əsasən Misir firmalarının Liviyanın nəqliyyat sisteminin, turistik infrastrukturunun, sabit kommunikasiya sisteminin bərpasında və yaşayış obyektlərinin tikintisində fəal iştirak etməsi nəzərdə tutulur.
Federasiyanın baş katibi bildirib ki, yaxın zamanlarda Misirin “Orascom Construction”, “Arab Contractors и El Sewedy Electric” şirkətləri Liviyada işləməyə başlayacaq. O, həmçinin Misirin beynəlxalq maliyyə institutlarından, o cümlədən Afrika İnkişaf Bankından, Avropa İnvestisiya Bankından və Dünya Bankından Liviya üçün 20 milyard dollar həcmində güzəştli kreditin alınmasına köməklik edəcəyini diqqətə çatdırıb.
Bu maliyyə vəsaitinin Liviya iqtisadiyyatının və infrastrukturunun bərpası prosesini tezləşdirəcəyi vurğulanır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə