DÜNYA


Misirdə devalvasiyadan sonra qeyri-leqal valyuta dəyişənləri həbs cəzası gözləyir 

Misirdə devalvasiyadan sonra qeyri-leqal valyuta dəyişənləri həbs cəzası gözləyir 

Qahirə, 25 mart, AZƏRTAC

Bu yaxınlarda Misirdə baş vermiş devalvasiyadan sonra qəbul olunmuş yeni qaydalara görə, banklardan kənarda qeyri-leqal valyuta dəyişən şəxslərə qarşı 6 aydan 3 ilədək həbs cəzası və ya 1 milyon Misir funtu (100 min AZN) cərimə tətbiq ediləcək.

AZƏRTAC rəsmi “Egypt Today” portalına istinadla xəbər verir ki, yeni qaydalar martın 24-də “Mərkəzi Bank və bank sistemi” haqqında Qanuna əlavələrlə qüvvəyə minib.

Maliyyə ekspertləri qeyd ediblər ki, Misir funtunun ABŞ dollarına nisbətdə 17 faizlik devalvasiyasından sonra hökumət pul-maliyyə siyasətini sərtləşdirib. Eyni zamanda, Misir əhalisinin yoxsul təbəqəsinin maraqlarını qorumaq məqsədilə çörəyin qiymətinin sabit saxlanmasına əlavə subsidiya ayrılıb. Digər ərzaq mallarının qiymətlərində isə 10-15 faiz həcmində bahalaşma müşahidə olunur.

Qlobal böhranla bağlı təlatümlərə qarşı iqtisadiyyatı kövrək olan Misirdə Ukraynadakı böhran səbəbindən ciddi problemlər yaranıb. Belə ki, turizm mövsümünün başladığı bir vaxtda Şarm Əl-Şeyx və Hurqada kimi populyar kurort şəhərlərinə ukraynalı və rusiyalı turistlərin axını dayanıb. Digər ciddi problem isə taxıl idxalı ilə bağlıdır. Əsas idxal mənbələri Ukrayna və Rusiya olan Misirin hökuməti alternativ variantlar axtarır.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.