SİYASƏT
Misirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb
Qahirə, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.
Qəlyubiyyə əyalətindəki Misir-Azərbaycan Dostluq Parkına gələn ölkəmizin Misirdəki səfirliyinin əməkdaşları, bu əyalətdə yaşayan, çalışan, təhsil alan azərbaycanlılar, o cümlədən əyalətin qubernatoru general Mahmud Aşmavi, ictimaiyyətin tanınmış xadimləri, KİV nümayəndələri, diasporumuzun təmsilçiləri əvvəlcə parkdakı mədəniyyət və təhsil ocağını ziyarət edib, orada qurulan “Azərbaycan” və “ulu öndər Heydər Əliyev” guşələri ilə tanış olublar.
Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və Qəlyubiyyənin qubernatoru M.Aşmavi jurnalistlərin suallarını cavablandırıblar.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət edib, önünə tər çiçəklər qoyub, Ulu Öndərin əziz xatirəsini yad ediblər.
Səfir Tural Rzayev Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, Ümummilli Liderin Azərbaycan tarixində əvəzsiz rolunu vurğulayıb, məhz onun səyləri nəticəsində ölkəmizin qısa müddətdə regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb. Hazırda Azərbaycanın hər guşəsində Ulu Öndərin mirasına, məktəblərə, muzeylərə, teatrlara, yaşayış komplekslərinə, sənaye obyektlərinə, turizm, səhiyyə və idman mərkəzlərinə rast gəlindiyini deyib. Səfir ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayaraq, qarşılıqlı əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Qəlyubiyyənin qubernatoru M.Aşmavi ümummilli lider Heydər Əliyevin fəaliyyəti, həmçinin onun rəhbərliyi ilə Azərbaycanın qısa müddətdə sürətlə inkişaf etməsi barədə məlumatlı olduğunu bildirib. Qubernator, həmçinin yerli idarəetmə orqanları arasında münasibətlərin inkişafının iki ölkənin əlaqələrinin də dərinləşməsinə təsir etdiyini vurğulayıb, bu sahədə indiyədək sıx əməkdaşlığın olduğunu və bundan sonra da münasibətlərin inkişafı üçün səylərini davam etdirəcəyini diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın Misirdəki səfirliyində də tədbir keçirilib.
Tədbirdə diasporumuzun nümayəndələri, Misirin Qahirə və Ayn Şəms universitetlərinin tələbələri iştirak ediblər.
Səfirliyin əməkdaşı Emil Rəhimov Ulu Öndərin müasir müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətlərindən danışıb.
“Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin, habelə ölkəmizə dost olan ölkələrlə, o cümlədən Misir ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, 1994-cü ildə rəsmi səfərlə Misirdə olduğunu qeyd edib.
Sonra ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.
Daha sonra Misirin Qahirə və Ayn Şəms universitetlərinin tələbələri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri elan olunub, səfir T.Rzayev qaliblərə qiymətli hədiyyələr təqdim edib. Müsabiqənin digər iştirakçılarına isə “Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, eyni zamanda, Qahirə Universitetinin ədəbiyyat fakültəsində Azərbaycan dilini tədris edən S.Nəsirov tərəfindən diplomlar verilib.
Tədbirin sonunda iştirakçılarla birlikdə Ümummilli Liderin büstünün yanında xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunan tədbirlər Misir KİV-lərində geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə