REGİONLAR
Mobil qruplar Abşeronda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təbliğat aparır
Xırdalan, 11 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla, 15 kənd və qəsəbəsində könüllülərdən, icra nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar yaradılıb.
AZƏRTAC xəbər verir ki, mobil qruplar tərəfindən gündəlik olaraq parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşdığı ərazilərdə təbliğat işləri görülür. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVID-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə işləri aparılır.
Əməkdaşlar sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd karantin qaydalarının yumşaldılmasından sonra bəzi sakinlər arasında yarana biləcək arxayınçılığı aradan qaldırmaq, koronavirusun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.
Bu işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.