İDMAN
Monrealda baş vermiş insidentdən sonra BAF dama-dama bayraqdan imtina edə bilər
Bakı, 14 iyun, AZƏRTAC
Beynəlxalq Avtomobil Federasiyasının (BAF) yürüş direktoru Çarli Uaytinq bildirib ki, Kanada Qran-Prisində model Vinni Harloyun finişə bir tur qalmış dama-dama bayraq qaldıraraq yarışın bitməsi işarəsini verməsi ilə bağlı insidentdən sonra Formula 1 təşkilatçıları yeni sistem tətbiq edə bilərlər.
AZƏRTAC xəbər verir ki, Çarli Uaytinq yarışların bitməsinə dair daha səmərəli siqnaldan istifadə edilməsi üzərində düşünmək lazım olduğunu qeyd edib. “Aydındır ki, dama-dama bayraq ənənəvi atributdur, lakin onun istifadəsi zamanı səhvlərə yol verilir”, - deyə BAF-ın yürüş direktoru əlavə edib.
Ç.Uaytinq deyib: “Dama-dama bayrağı lazım olduğu anda göstərən böyük panel də quraşdırıla bilər. Lakin hətta avtomatik siqnal verildikdə belə, onu nə zaman canlandırmaq barədə düşünmək lazımdır. Bir sözlə, bu məsələ ətraflı götür-qoy edilməlidir”.
Analoji hadisə 2002-ci ildə Braziliyada da baş vermişdi. Həmin vaxt əfsanəvi futbolçu Pele yarışın finişində dama-dama bayrağı çox gec qaldırmışdı.