MƏDƏNİYYƏT
Müasir İncəsənət Muzeyində “Xallı Tembel papaq” sərgisi açılıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Müasir İncəsənət Muzeyində “Xallı Tembel papaq” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov açılış mərasimində çıxış edərək sərginin təşkilində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib. O qeyd edib ki, sərgi israilli rəssam Roy Maayan və azərbaycanlı rəssam Nailə Sultanın birgə layihəsidir.
İsrailin aparıcı dulusçusu olan Roy Maayan yerli rəssamlarla birgə əməkdaşlıq etmək üçün dünyanın hər yerindən tez-tez dəvət olunur. Rəssam səfərlərinin hər birində yerli keramika ənənələri ilə öz iş üslubu arasında material və texnoloji əlaqə qurmaqla hibrid əsər yaratmaq istəyini gerçəkləşdirir.
Təqdim edilən layihədə tədqiqat xarakterli yaradıcı iş prosesi şəxsi estetik ifadə tərzi ilə yerli keramika ənənələrini əhatə edərək Roy Maayanın və Nailə Sultanın forma, faktura, quruluş, material və təsvirləri arasında əlaqə yaratmaqdan ibarətdir.
Bildirilib ki, Nailə Sultan Azərbaycanda incəsənət məktəblərinin məzunudur. Onun əsərləri Azərbaycanda və digər ölkələrdə nümayiş etdirilir. Rəssam öz müasir incəsənət əsərlərində nar, miniatür rəsmlər, Qobustan mağara rəsmləri, xalçalardan götürülmüş həndəsi xətlər kimi ənənəvi Azərbaycan motivlərindən istifadə edir. O, bu motivləri geniş ritmlərdə və zəngin rənglərdə ifadə edərək şüurlu olaraq ümumi qəbul olunmuş şeyləri qeyri-adi formaya salır.
İsrailin Azərbaycandakı səfiri Dan Stav mərasimdə çıxış edərək bildirib ki, azərbaycanlı rəssam Nailə Sultan və israilli dulusçu Roy Maayanın birgə sərgisinin Bakıda Müasir İncəsənət Muzeyində açılışını etməkdən böyük şərəf duyur. Diplomat diqqətə çatdırıb ki, son illər dulusçuluq incəsənəti sevənlər arasında çox maraq doğurub. Muzeydə təşkil olunmuş bu birgə sərgi də dulusçuluğun bütün dünyada çəkisinin artmasının göstəricisidir. İncəsənət çox zaman insanlar, cəmiyyətlər və mədəniyyətlər arasında körpü kimi xarakterizə olunur. İki fərqli ölkədən olan rəssamları bir araya gətirən sərgi incəsənətin müxtəlif mədəniyyətlərin qarşılıqlı ifadəsi üçün güclü körpü olması ilə yanaşı, həm də iki zəngin ənənədən istifadə edərək bərabər işləmək və sənət yaratmağın mümkün olmasının göstəricisidir. Bu, yəqin ki, təsadüfi deyil, amma məhz bu iki rəssamın 2010-cu ildə ilk görüşdüyü sərgi, əsrlər boyu qədim keramika ənənələri ilə məşhur olan Um el Fahm şəhərində baş tutub. İndi bu əməkdaşlıq Roy Maayanı Bakıya gətirib. Sərgidə nümayiş olunan əsərlər arasında həm müstəqil yaradılmış və həm də bir yerdə görülmüş işlər var.
Səfir deyib: “Bu sərgi iki İsrail rəmzini bir araya gətirib. Onlardan biri, mənim məktəb formamın xoşlamadığım bir hissəsi kimi hələ də yadımda qalan Tembel papağıdır. O adın mənşəyi haqqında aparıcı nəzəriyyələrin birinə görə, Tembel sözü türk dilindəki tənbəl sözündən irəli gəlir və eyni söz Azərbaycan dilində də mövcuddur. İkinci rəmz isə - çimərlik kürəkləridir ki, Aralıq dənizi yayının ən qızmar vaxtında İsraildə heç bir çimərliyi yaşından və cinsindən asılı olmayaraq onlarla israillinin oynadığı bu oyunsuz təsəvvür etmək mümkün deyil. Öz müsahibələrinin birində Roy Maayan bildirmişdi ki, dulusçuluqla ilk tanışlığı 8 yaşında dulusçuluq dərsində baş verib. O qeyd edir ki, məktəb illərindən bəri bununla məşğul olacağını bilirdi. Eyni zamanda Roy Maayanın işi eksperimentalizm ilə xarakterizə olunur ki, bu da ənənəvi yanaşmadan uzaqlaşaraq incəsənəti təhlükəsizlik zonasından çıxartmaqdır”.
Diplomat qeyd edib ki, Nailə Sultan keramika, toxuculuq, qrafika və miniatür daxil olmaqla müxtəlif metodlardan istifadə edən məşhur azərbaycanlı rəssamdır. 2014-cü ilin sentyabr ayında onun 6-cı fərdi yaradıcılıq sərgisi təşkil olunub. İncəsənətin gözəlliyi mənsub olduğu cəmiyyətin zəngin irsini əks etdirməsindən ibarətdir. Bununla belə, incəsənət sadəcə rəssamlar və onların sənət əsərlərindən deyil, həm də insanlardan, xüsusilə də, incəsənəti yaşadan və ya onun gözəlliyi qarşısında aciz qalanlardan ibarətdir. Onların əsərləri necə qavramaları da özlüyündə bir incəsənət hesab oluna bilər.
Dan Stav sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən rəssam Roy Maayan sərgidə nümayiş olunan işlər haqqında məlumat verib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. İsrailin mifik əşyaları – Tembel papaq (parçadan olan fincan formalı papaq) və çimərlikdə oynanılan kürək (ağacdan düzəldilmiş kürək ilə və kiçik topla oynanılan oyun) israilliliyin köhnə göstəricilərindəndir. Məhz bu əşyalar “yeni yəhudi”ni göstərmək məqsədilə yaradılan aktiv mexanizmin bir hissəsidir.
Sərgi mayın 8-dək davam edəcək.