ELM VƏ TƏHSİL
Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma mərasimi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Sonra universitetdə davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə diqqətə çatdırılıb ki, xalqımızın böyük oğlu, türk dünyasının məşhur siyasət və dövlət xadimi, ulu öndər Heydər Əliyevin vəfatından 14 il keçir. Ulu Öndər öz yenilməz iradəsi, qətiyyəti, müdrikliyi ilə bütöv şəxsiyyət idi. Sağlıqlarında xalqına, millətinə vicdanla xidmət edən böyük şəxsiyyətlər fiziki yoxluqlarından sonra da gərəkli olurlar. Ümummilli Lider həm də öz böyük adı, mütərəqqi fikir və idealları ilə bütün bəşəriyyətin yaddaşına əbədi köçüb. Xalqımızın, millətimizin fədaisi olmuş ulu öndər Heydər Əliyev cismən bizim aramızda olmasa da, ruhən, mənən həmişə bizimlədir. Ulu Öndərin xatirəsi bizim üçün çox əziz və unudulmazdır. Bir sözlə, nə qədər müstəqil Azərbaycan xalqı, Azərbaycan dövləti var, ümummilli lider Heydər Əliyev də bizimlədir.
Vurğulanıb ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar, nailiyyətlər qazanır.
Tədbir ADPU-nun filologiya fakültəsi tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.