ORDU
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülən işlər barədə müdafiə nazirinə məruzə edib.
Ən müasir avtomatik idarəetmə sistemləri ilə təchiz edilmiş məntəqədə yaradılan şəraitlə tanış olan müdafiə naziri Hərbi Hava Qüvvələri tərəfindən hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması, təhlili, o cümlədən qərarların vaxtında qəbul olmasının vacibliyini şəxsi heyətin diqqətinə çatdırıb.
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin idarə olunması, iş bacarığının təkmilləşdirilməsi, modelləşdirmə proqramı əsasında Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyətlərini idarə edən heyətin praktiki vərdişlərinin artırılması, özünün və düşmən aviasiyasının, hava hücumundan müdafiə vasitələrinin imkanları, xüsusiyyətləri, döyüş tətbiqinin təhlil edilməsi barədə Hərbi Hava Qüvvələri komandanlığına tapşırıq verib.