QAN YADDAŞI
Mülki Aviasiya Muzeyində 20 Yanvar faciəsinin qurbanlarının anım mərasimi keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə akademiyanın müəllim-tələbə heyəti və Zabrat qəsəbəsi 81 saylı orta məktəb şagirdləri iştirak ediblər.
Əvvəlcə Dövlət himni səsləndirilib və 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən videomaterialın nümayişindən sonra muzeyin ekspozisiya şöbəsinin rəisi Elnaz Osmanova “Tariximizin 20 Yanvar səhifəsi” adlı mühazirə ilə çıxış edib. Mühazirədə 20 Yanvar hadisələrinin səbəbləri, faciənin baş verdiyi tarixi şərait və onun bütün dəhşətləri ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Sonda akademiyanın tələbələrinin ifasında 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiya səsləndirilib və muzey tərəfindən hazırlanmış fotosərgiyə baxış keçirilib.