CÜMHURİYYƏT - 100
Multikulturalizm Mərkəzi Hindistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib
Bakı, 26 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Hindistanın Sri Sri Universitetində Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilən tədbir keçirib.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin prezidenti Rajit Kulkarni, rektoru Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Pratima Sarangi və tələbələr iştirak ediblər.
Azərbaycan multikulturalizmi fənnini Sri Sri Universitetində tədris edən Kənan Məmmədov AXC-nin yaranma tarixi, mövcud olduğu qısa zaman ərzində gördüyü böyük işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, AXC hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, eyni zamanda, genişmiqyaslı demokratik islahatlar həyata keçirən milli ordusunu yaradıb, qadınlara seçib-seçilmək hüququ verib, maarif, səhiyyə, mədəniyyət sahələrində geniş tədbirlər həyata keçirib. O, AXC-nin yaranması ərəfəsində ölkənin ağır durumu, həmin dövrdə respublika ərazisində erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımından və vəhşiliklərdən danışıb, ərazilərimizin təmizlənməsində türk ordusunun rolunu qeyd edib, AXC-nin beynəlxalq əlaqələri, onun süqutunda daxili və xarici amillərin rolu barədə məlumat verib. Qeyd edilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Qeyd edək ki, BBMM-in Azərbaycan multikulturalizmi fənninin xarici universitetlərdə və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 18 aparıcı universitetində Azərbaycan multikulturalizmi fənni uğurla tədris olunur.
BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə multikulturalizmə giriş və Azərbaycan multikulturalizmi fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə başlanılıb. Prezident İlham Əliyevin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsünün real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü işlərin nəticəsində xaricdə Azərbaycan multikulturalizmi fənninin tədrisi daha geniş coğrafiyanı əhatə edir.