SİYASƏT
Murmanskın Azərbaycan diasporu “Mədəniyyətlərin qovuşduğu məkan” festivalında iştirak edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Murmanskda “Mədəniyyətlərin qovuşduğu məkan” adlı çoxjanrlı festival keçirilib. “Gəlin, bir-birimizi anlamaq və dostluq etmək üçün Rusiya xalqlarının mədəni ənənələrini öyrənək və dərk edək!” devizi altında keçirilən festival Murmansk vilayətinin yaradılmasının 80 illiyinə həsr edilmişdi.
Bu barədə AZƏRTAC-a Murmanskdakı “Azərbaycan” milli-mədəni muxtariyyətinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov məlumat verib.
Vilayətin milli-mədəni birliklərinin - “Azərbaycan” milli-mədəni muxtariyyətinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin, Moldovanın “Flueraş” Mədəniyyət Mərkəzinin, “Umırzaya” Milli Mədəniyyətlər Klubunun yaradıcı kollektivləri, “Akatuy” çuvaş mahnı ansamblı, “Leleki” Ukrayna xoru, Tulomsk Stanitsa Kazak Cəmiyyətinin ansamblı, “Raditsa” rus xalq mahnı ansamblı və digər kollektivlər Murmansk sakinləri qarşısında çıxış ediblər. Bundan əlavə, Misir Mədəniyyət Mərkəzi və Yapon Mədəniyyəti İctimai Təşkilatı da ilk dəfə olaraq bu festivalda iştirak edib.
Festival müddətində dekorativ-tətbiqi yaradıcılıq sərgisi təşkil edilib. Festivalın qonaqları müxtəlif milli yeməkləri dequstasiya ediblər.
Tamaşaçılar onilliklər boyu Kola diyarında yaşayan müxtəlif millətlərin məişəti, mədəniyyəti və ənənələri barədə çox maraqlı məlumat əldə ediblər.