ELM VƏ TƏHSİL
Müsabiqə: “Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm”
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi ilə əlaqədar olaraq IX-X sinif şagirdləri arasında kimya müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin birinci mərhələsi test üsulu ilə martın 19-26-da keçiriləcək. Sualların yetmiş faizinə düzgün cavab verən şagirdlər ikinci mərhələyə buraxılacaq. Mayın 25-də keçiriləcək ikinci mərhələdə sualların yetmiş faizinə düzgün cavab verənlər üçüncü mərhələyə buraxılacaq. Üçüncü mərhələ isə sentyabrın 21-də təşkil olunacaq. Bu mərhələdə 70 faiz bal toplayan şagirdlərdən I, II və III yerləri tutanlara müvafiq diplom və qiymətli hədiyyələr veriləcək. Üçüncü mərhələnin digər iştirakçıları fərqlənmə diplomu ilə mükafatlandırılacaq. Həmçinin müsabiqədə I, II və III yerləri tutan şagirdlərdən gələcəkdə kimya istiqamətində ali məktəblərə daxil olanlara tədris ili müddətində institut tərəfindən təqaüd təyin olunacaq.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 1 ədəd şəkil, iştirak ərizəsini və oxuduğu məktəb, sinif, kimya müəllimi haqqında məlumatı martın 1-dək institutun elektron ünvanına ([email protected]) göndərməlidirlər.