MƏDƏNİYYƏT
Musiqi məktəbində Vətən müharibəsindəki tarixi Zəfərimizdən danışılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində, nəzəriyyə şöbəsinin müəllimi Afaq Qasımovanın rəhbərliyi ilə Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında Dövlət Himni səsləndikdən sonra, məktəbin direktoru İlhamə Ağayeva çıxış edib. O, Vətən müharibəsinə həsr olunmuş tədbirlərin mütəmadi keçirilməsinin, qazi və şəhidlərimizin daim yad edilməsinin vacibliyini vurğulayıb və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Sonra Afaq Qasımova mövzu ilə bağlı məruzəsində Vətən müharibəsinin baş tutduğu gündən Qələbəyə qədər olan dövrə nəzər salıb. Müxtəlif döyüş taktikalarımız, uğurlarımız barədə söz açılıb, şəhidlərimiz yad edilib.
Tədbirdə qazilərimiz Amin Musayev və Toğrul Səlimzadə döyüş təəssüratlarını bölüşüblər.
Sonda şagirdlər şeir oxuyublar, “Vətən yaxşıdır", "Qarabağ Şikəstəsi" səsləndirilib.